İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə 1 ildir Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayinin Apellyasiya Məhkəməsi keçirilib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə bir neçə aylıq fasilədən sonra iyulun 12-si sübh saat 11-də keçirilən məhkəmə iclasına azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi, Siyamək Mirzayi və məhkəmənin münsiflər heyəti qatılıb. 1 saat sürən məhkəmə prosesində müttəhim kürsüsündə əyləşən Siyamək Mirzayinin və onun vəkilinin son sözü dinlənilib. İclasda çıxış edən azərbaycanlı fəal, günahsız olaraq həbsdə saxlanılmasını vurğulayaraq ona qarşı irəli sürülən ittihamları əsassız sayaraq bir daha rədd edib. Məhkəmə iclasına saat 12-də xitam verilib və azərbaycanlı fəalla bağlı son qərarın qarşıdan gələn həftələrdə veriləcəyi açıqlanıb.
Siyamək Mirzayi qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclığa başlasa da, iyulun 4-də tələbləri yerinə yetirildikdən sonra aclığı dayandırmışdı.
Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.