Urmiyənin İran parlamentindəki millət vəkili sentyabrın 10-da Urmiyənin Bələdiyyə başqanı, Şəhər Şurası üzvləri və Qərbi Azərbaycan deputatlarının qatıldığı iclasda Urmu gölü böhranından danışıb.
Seyid Hadi Bahaduri, vilayət rəhbərliyi qarşısında çıxış edərkən vurğulayıb ki, “Urmu gölü heç də canlandırılmayıb, sadəcə ötən ilə nisbətən suyun hündürlüyü 48 santimetr artıb.”
Millət vəkili cari ildə Urmiyədə yağıntıların azaldığına işarə edərək qeyd edib ki, “Cığatu (Zərinerud) və Tatau (Siminerud) çaylarının birləşdirilməsi, bəndlərdən suyun azad edilməsi və çayların yatağının təmizlənməsi, Urmu gölündə su artımının əsas səbəbidir və göldə heç bir canlandırılma işi aparılmayıb.”
Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi isə gölün dirçəldilməsi ilə bağlı “İlna” xəbər agentliyinin müxbirinə danışıb. “Canlandırma prosesi çox önəmli məsələdir və bunun üşün xüsusi yatırıma ehtiyac var. Əgər Müdiriyyət və Planlaşdırma Təşkilatı, Urmu Gölünü Canlandırma Mərkəzinin proqramlarını dövlətin gəliri ilə əlaqələndirərsə, onda bu iş çətinləşəcək. Ona görə ki, dövlətin əldə etdiyi gəlir barədə konkret məlumat olmur. Dövlət Urmu gölünün canlandırmasını istəyirsə, o zaman buna vəsait ayırmalıdır və bu məsələnin dövlətin gəliri ilə bir əlaqəsi olmamalıdır”- deyə İsa Kəlantəri qeyd edib.
Bu arada Şərqi Azərbaycandan olan bir qrup qayıqçı Urmu gölü böhranını göndəmdə saxlamaq məqsədi ilə Savalan dağı zirvəsindəki göldə “Bizim birinci prioritetimiz (öncəlik) Urmu gölünün canlandırılmasıdır” şüarı ilə qayıq sürüblər. Bu barədə Şərqi Azərbaycan Qayıq İdmanı heyətinin rəisi mətbuata məlumat verib.
“İdmançılarımız bütün lazımi təchizatla ətraf-mühitin qorunmasına dəstək məqsədi ilə Savalan dağının zirvəsinə çıxdılar. Onlar “Bizim birinci prioritetimiz Urmu gölünün canlandırılmasıdır” şüarı ilə Savalan gölündə qayıq da sürdülər. Bu simvolik hərəkət Urmu gölü böhranını gündəmdə saxlamaq məqsədi güdüb”- deyə o vurğulayıb.