چاپ

 

Son günlərdə yayılan bilgilərə və uzmanların verdiyi uyarılara görə Urmu Gölünün quruma problemi bir daha faciəvi bir həddə çatıb və artıq geri dönülməz bir hal almaqdadır.

Bütün mütəxəssislərin həmfikir olduğu məsələ budur ki Urmu Gölünün tamamı ilə quruması halında, ki bu quruma %70 İran rejimin yanlış yaxud qəsdli su qaynaqları yönətimindən qaynaqlanır; başda Təbriz şəhəri olmaqla Güney Azərbaycanın böyük hissəsi yaşanılmaz bir hala gələcək və miyonlarca Azərbaycanlı öz anayurdundan didərgin düşəcək və bəlkə də Güney Azərbaycan tarix səhnəsindən məhv olacaq!

Millətimizin illərcə tələb və etirazına rəğmən İran rejimi Urmu Gölünü qurtarmaq üçün heç bir pratik addım atmayıb. Verilən bütün vəədlər yalan çıxıb, sözü verilən büdcələr ya ayrılmayıb, ya da ayrılan az bir qisim rejim məsulları tərəfindən çar-çür edilib. Nəticədə Urmu Gölü ölüm aşamasına gəlib və ortada heç bir plan yoxdur. Bəlkə də plan elə budur ki Urmu Gölü qurusun və İran’a hakim olan Fars faşizmi Güney Azərbaycan sorununu bu yolla həll etsin!

Təbii olaraq bu durum millətimizi dərindən qayğılandırır. Çünkü bu gərçəkdən vətənimiz və millətimiz üçün artıq gerçək bir ölüm – qalım məsələsi halına gəlib. Təbii ki bu durumun həll yolları var. Amma elə görünür ki İran rejiminin bu məsələni hell etməyə niyyəti yoxdur!

Bu səbəblə son günlərdə Güney Azərbaycanda millətimizin etiraz səsi hər keçən gün yüksəlir! Hər gün istər sosial şəbəkələrdə istər xiyabanlarımızda millətimizin etirazlarına şahid oluruq. Keçən gün isə bir sıra Azərbaycan mədəni fəalı yurd içində yaydıqları bir bildirişdə açıqca bildirdilər ki bu gedişlə artıq millətimiz xiyabanda öz etirazını dilə gətirəcək.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq bizdə yurd içindəki millətimiz və fəallarımızın səsinə səs veririk. İran rejimi ya günlər içərisində Urmu Gölünün qurtarılması ilə bağlı pratik addımlar atacaq yada artıq millətimiz öz sivil və demokratik tepkisini xiyabanda ortaya qoyacaq! Bu açıq bir xəbərdarlıqdır.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)

Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

07/07/2022