Ortaq bildiri: «Azərbaycan fəallarına qarşı basqı və təzyiqləri məhkum edirik»
İran İslam cümhuriyyəti rejiminin Azərbaycan və başqa qeyri-fars millətlərin milli fəallarına qarşı yaratdığı basqı və təzyiqlər davam edir. İrqçi İran İslamı Cümhuriyyəti rejimi keçən 45 ildə müxalif siyasi fəallara qarşı əlindən gələn təzyiqləri əsirgəməmiş, onları ağır işgəncələrə məruz qoyaraq, uzun müddətli həbs cəzası vermişdir.
Son zamanlarda türk milli fəallara qarşı olan basqılar şiddətlə davam edib, bir çox siyasi fəalımız tutuqlanmışdır. İran rejiminin Peyman İbrahimi, Davud Şiri, Kərim İsmayılzadə, Murtuza Nurməhəmmədi, Əli Babayi, Araz İbrahimnejad, Məmmədrza Müvəhhid, Cavad Sudbər, Hüseyn Azadi, Əmirhüseyn Aqayi, Mehrdad Qadiri vs. … qeyri-qanuni şəkildə tutuqlaması bir daha göstərmişdir ki, bu ölkədə türk olmaq və Azərbaycanı sevmək, suç sayılır. Nə yazıq ki, dünya ictimaiyyatı və uluslararası insan haqlarını müdafiə edən qurumlar da, milli fəallarımızın ağır durumu haqqında laqeyd qalmağı seçmişlər.
İranda Pəhləvi rejiminin iqtidara gətirilməsi ilə ölkədə qurulan istemarçı (müstəmləkəçi) sistem, nə yazıq ki, İslam Cümhuriyyəti rejimi dövründə də, daha şiddətli şəkildə davam edir və Güney Azərbaycan və digər qeyri-fars millətlər bir əsrdir ki, amansızca müxtəlif təzyiqlərə və zülmlərə məruz qalmaqdadır.
Ancaq bu ağır basqılara rəğmən «Güney Azərbaycan Milli Hərəkatı» hər zamandan artıq güclüdür. İran rejimi çox yaxşı bilir ki, heç bir təzyiq bizim qəhrəman milli fəallarımızın iradələrin sarsıda bilməz.
Biz Güney Azərbaycan siyasi təşkilatları milli fəallara verilən işgəncələr, ağır həbs cəzaları və qeyri-qanuni tutuqlamaları şiddətlə qınayıb, tutsaq milli fəalların qeydsiz-şərtsiz azadlığını istəyirik. Azərbaycan milli fəallarına qarşı insan haqlarına zidd olan və qanunsuz şəkildə verilən sözdə məhkəmə qərarları dərhal ləğv edilməli, bu milli fəallarımızı işgəncə edib, tutsaq saxlayanlar da cəzalandırılmalıdırlar.
Azadlıq, Ədalət, Milli Hökumət
Yaşasın Azərbaycan
Azərbaycan Mərkəz Partisi – AMP
Azərbaycan Mili Dirəniş Təşkilati – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı - AZOH
Güney Azərbaycan Demokrat Partisi - GADP
27/09/2023
اورتاق بیلدیری: «آزربایجان فعاللارینا قارشی باسقی و تضییقلری محکوم ائدیریک»
ایران اسلام جمهوریتی رئژیمینین آزربایجان و باشقا غیرفارس میللتلرین میللی فعاللارینا قارشی یاراتدیغی باسقی و تضییقلر داوام ائدیر. ایرقچی ایران اسلامی جمهوریتی رئژیمی کئچن 45 ایلده موخالیف سیاسی فعاللارا قارشی الیندن گلن تضییقلری اسیرگهمهمیش، اونلاری آغیر ایشکنجهلره معروض قویاراق، اوزون موددتلی حبس جزاسی وئرمیشدیر.
سون زامانلاردا تورک میللی فعاللارا قارشی اولان باسقیلار شیددتله داوام ائدیب، بیر چوخ سیاسی فعالیمیز توتوقلانمیشدیر. ایران رئژیمینین پیمان ابراهیمی، داود شیری، کریم اسماعیل زاده، مرتضی نورمحمدی، علی بابایی، آراز ابراهیمنژاد، محمدرضا موحد، جواد سودبر، حسین آزاد، امیرحسین آقایی، مهرداد قادری و … غیرقانونی شکیلده توتوقلاماسی بیر داها گوسترمیشدیر کی، بو اؤلکهده تورک اولماق و آزربایجانی سئومک، سوچ ساییلیر. نه یازیق کی دونيا ايجتيماعيیتی و اولوسلارآراسی اينسان حاقلارينی مودافيعه ائدن قوروملار دا میللی فعاللاریمیزین آغیر دورومو حاقیندا لاقئید قالماغی سئچمیشلر.
ایراندا پهلوی رژیمینین ایقتدارا گتیریلمهسی ایله اؤلکهده قورولان استعمارچی سیستم، نه یازیق کی اسلام جمهوریتی رژیمی دؤورونده ده داها شیدتلی شکیلده داوام ائدیر و گونئی آزربایجان و دیگر غیرفارس میللتلر بیر عصردیر کی آمانسیزجا مختلف تضییقلره و ظلملره معروض قالماقدادیر.
آنجاق بو آغیر باسقیلارا رغمن «گونئی آزربایجان میللی حرکتی» هر زماندان آرتیق گوجلودور. ایران رئژیمی چوخ یاخشی بیلیرکی هئچ بیر تضییق بیزیم قهرمان میللی فعاللاریمیزین ایرادهلرین سارسیدا بیلمز.
بيز گونئی آزربايجان سياسی تشكيلاتلاری میللی فعاللارا وئریلن ایشکنجهلر، آغير حبس جزالاری و غیر قانونی توتوقلامالاری شيددتله قيناييب، توتساق میللی فعاللارین قئیدسیز شرطسیز آزادليغينی ایستهییریک. آزربایجان میللی فعاللارینا قارشی انسان حاقلارینا ضید اولان و قانونسوز شکیلده وئریلن سؤزده محکمه قرارلاری درحال لغو ائدیلمهلی، بو میللی فعاللاریمیزی ایشکنجه ائدیب، توتساق ساخلایانلار دا جزالاندیریلمالیدیرلار.
آزادلیق، عدالت، میللی حکومت
یاشاسین آزربایجان
آزربایجان مرکز پارتیسی – آمپ
آزربایجان میلی دیرنیش تشکیلاتی - دیرنیش
آزربایجان اؤیرنجی حرکاتی - آزوح
گونئی آزربایجان دمکرات پارتیسی - گآدپ