Bir qrup azərbaycanlı milli-mədəni fəal Ərdəbil zindanından yenicə azadlığa buraxımış Fərşid Piçqanlunun görüşünə gediblər.

Bu barədə GAMA saytında xəbər yayılıb.

Məlumata görə, tanınmış azərbaycanlı fəal Abbas Lisani də F.Piçqanlunun görüşünə gedən fəallar arasında olub. Onlar fəalın həbsxanada göstərdiyi dirənişi təqdir edərək Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda dinc və mədəni mübarizənin davam edəcəyinə təkid ediblər.

F.Piçqanlu 6 ay 1 günlük həbs müddətini başa vurduqdan sonra sentyabrın 20-də Ərdəbil zindanından sərbəst buraxılıb.

O 2015-ci il noyabr ayında İran televiziyasından yayımlanan məlum “Fitilə” verilişinə qarşı etiraz etdiyinə görə 3 ay 1 gün və Ərdəbildə bu şəhərin “Şəhrdari” komandası ilə Hormozqanın “Alüminium” takımı arasında keçirilən yarışda, üzərində “Abbas Lisani və siyasi məhbuslar azad olunmalıdır” şüarı yazılmış plakatın qaldırıldığına görə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilmişdir.

Adını çəkdiyimiz milli-mədəni fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 14316781 1033665306687390 8786574962477265383 n