Sentyabrın 23-də günortadan sonra bir qrup azərbaycanlı fəal və Urmiyənin tanınmış yazıçıları bu şəhərdə keçirilən kitab sərgisində “Nimaj” nəşriyyat evinə məxsus bölümün qarşısına toplaşıblar. Onlar nəşriyyat evinə nümayiş etdirdiyi posterin üzərində “Qərbi Azərbaycan Vilayəti” adının təhrif edilməsi və “Yol Press”in müxbirinin hücuma məruz qalmasına etiraz ediblər.

Məlumata görə, etiraz yığıncağına çağırışdan sonra çox sayda təhlükəsizlik qüvvələri sərginin keçirildiyi yerə və ətraf ərazilərə toplaşıblar. Əksəriyyəti Xoy şəhərindən gələn etirazçılar “Nimaj” nəşriyyat evindən “Qərbi Azərbaycan Vilayəti” ilə bağlı yol verdiyi təhrifin səbəbini soruşublar və belə bir qərəzli hərəkəti kəskin şəkildə qınayıblar. Məsələyə Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəsmiləri də müdaxilə edib və “Nimaj” nəşriyyat evinin yetkililəri dəfələrlə üzr istəyiblər. Onlar belə bir hadisənin bir daha təkrar olunmayacağına söz veriblər.

Etirazçıları sakitləşdirməyə çalışan yerli məsullar hər iki tərəflə söhbətlər aparıblar. Sonda sözügedən bölüm bağlandığı zaman, onun məsulları təhlükəsizlik qüvvələri tərəfindən sərginin keçirildiyi yerdən uzaqlaşdırılıb.

İslami İrşad və Mədəniyyət İdarəsinin rəsmisi etirazçılarla söhbətdə bir önəmli məsələ ilə bağlı gözlənilməz etiraf edib. O bildirib ki, ötən ay İraq Kürdistanından böyük Kürdistan ideyasını təbliğ edən 1000 cild kitab gizli şəkildə bölgəyə daxil olub.

Qeyd edək ki, “Urmiyə Kitab Sərgisi”nin keçirildiyi zaman Tehranın “Nimaj” nəşriyyat evi “Qərbi Azərbaycan Vilayəti”ni təhrif edərək, onu “Urmiyə Vilayəti” adlandırmışdır, buna etiraz edən azərbaycanlı jurnalist isə qarşı tərəfin hücumuna məruz qalıb və təhqir edilmişdir.

 1358456462 vayfdyvlafed