Keçən günlərdə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan türk fəallar Məhəmməd Mərdi, Fərhad Pakruh və Vəhid Əbhəri noyabrın 2-də zəmanət qarşılığında sərbəst buraxılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, Vəhid Əbhəri mərhum Qulamrza Əmaninin müəmmalı ölümünün 11-ci ildönümü mərasimində saxlanılmışdı.
Oktyabrın 25-də Təbrizin Maralan Məzarlığında keçirilən ildönümü mərasiminə qatıldıqları zaman nəzarət altına alınan fəalların bir qismi oktyabrın 28-də sərbəst butaxılıblar. Məhəmməd Mərdi və Fərhad Pakruh isə həmin fəalları Təbriz Həbsxanasının önündə qarşıladıqları üçün tutulmuşdular.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Mərdi və Pakruh 50 milyon tümənlik mülki zəmanətlə müvəqqəti olaraq azadlığa buraxılıblar.
Vəhid Əbhərinin isə İran məhkəmə sisteminə məxsus “and içmə” qərarı ilə sərbəst buraxıldığı bildirilir.
Tanınmış fəal Qulamrza Əmani və iki qardaşı 2008-ci ilin oktyabr ayında avtomobil qəzası nəticəsində həyatlarını itirdilər. Əmani daha öncə fəaliyətləri üzündən ömrünün təqribən beş ilini Təbriz zindanında keçirmişdi.
“Güney Azərbaycan Təşkilatları” və bəzi insan haqlarını qrupları keçən 20 il ərzində İran Azərbaycanında baş verən bəzi ölüm qəzalarında "dövlətin əli olduğunu" önə çəkirlər. Mərhum Əmaninin 11 il əvvəl keçirdiyi müəmmalı yol qəzası onlardan biridir.