İran türkləri arasında populyar futbol komandası olan Traktor və Tehranın Persepolis komandası arasında keçirilən matçda Persepolis azarkeşləri tərəfindən səsləndirilən şüarlara etiraz bildirmək hədəfi ilə Twitter sosial şəbəkəsində kampaniya başladılıb.

Tehranın Azadi stadionunda yanvarın 26-da Traktor-Persepolis matçında Persepolis azarkeşləri tərəfindən türklərə qarşı səsləndirilən şüarlar Traktor klubunun sahibi Məhəmmədrza Zunuzinin də reaksiya göstərməsinə səbəb olub.

Zunuzi bir müsahibədə FİFA qanunlarına görə etniklərə qarşı təhqiramiz şüarların səsləndirildiyi matçlarda hakimin oyunu durdurması gərəkdiyini və bu qanuna görə Tehrandakı matçın hakim tərəfindən dayandırılmalı olduğunu bildirib. O həmçinin İran Futbol federasiyasının bu matç ilə bağlı bir qərar vərmədiyi təqdirdə FİFA-ya şikayət edəcəyini bildirib.

Twitter-də başladılan "Səsimizi Eşit FİFA" #fifa_hear_our_voice kampaniyasının açılış bəyanatında deyilir: "Traktor Azərbaycan ilə Persepolis futbol komandalarının son matçında Persepolis azarkeşlərinin "Eşşək, Eşşək" səsləndirməklə milyonlarca türkü aşağılaması ilə bağlı FIFA və AFC kimi beynəlxalq futbol təşkilatlarına etirazımızı bildirmək qərarına gəldik."

"Biz İran Türkləri İran stadionlarında irqçi hərəkətlərə və şüarlara son qoyulmasını tələb edirik" - deyə, kampaniyaya qatılan şəxslər AFC və FİFA-nın Twitter hesablarını tag edərək paylaşımlar ediblər.