Bu gün Türk dünyasının xəritəsində bir yol çəkilir – bu yol təkcə Zəngəzurdan keçmir, o yol Azərbaycanın qəlbindən keçir. Bu yol bir millətin ayrılmış taleyini birləşdirməyə, içində yanan həsrəti qucaqlaşdırmağa doğru gedir. Zəngəzur yolu, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən bir keçid kimi görünsə də, bizim üçün – Güney azərbaycanlılar üçün – bu yol illərdir gözlədiyimiz milli dirənişin simvoludur.

Zəngəzur açılanda, türkün şərəfi o yoldan keçəcək. O yolun hər daşında bizim illərlə bastırılmış səsimiz əks-səda verəcək. Bu yol təkcə yük maşınlarının, qatarların hərəkət etdiyi bir yol deyil – bu, türk millətinin birliyə, bərabərliyə, azadlığa doğru atdığı addımdır.

Biz Güney azərbaycanlılar illərlə bu günləri gözləmişik. Hər dəfə Türkiyənin güclənməsini, Azərbaycanın zəfərini görüb daha da ümüdlənmişik. İndi Zəngəzur yolu ilə bu ümüdlər reallığa dönə bilər. Çünki bu yol:

İran rejiminin bizi təcrid eləmə planlarını sarsıdır.

Azərbaycanın bizi unutmadığını göstərir.

Türk dünyasının "biz bir millətik" deyimini gerçəyə çevirir.

Zəngəzur o qədər önəmlidir ki, fars rejimi buna qarşı çıxmaq üçün hər cür oyuna əl atır. Çünki yaxşı bilirlər – bu yol açılsa, Güney Azərbaycan nəfəs alacaq, danışacaq, düşünəcək. Bu yol bizi birləşdirəcək.

Zəngəzur açıldıqdan sonra Türk dövlətləri bir-birilə daha yaxın olacaq. Biz – Güneydə yaşayan milyonlarla soydaş – artıq özümüzü yalnız hiss eləməyəcəyik. Çünki biləcəyik ki, bizə doğru uzanan bir yol var. Bir yol ki, bizi oyanışa, birliyə, özgürlüyə aparır.

Bizi yüz illərdir ayırmağa çalışanlar indi Türk millətinin birləşmiş iradəsi qarşısında acizdir.

Zəngəzur sadəcə bir yol deyil – bu, millətimizin birliyinə doğru açılan qapıdır.

Bu yol Güney Azərbaycanın səsinə güc, yoluna yön verəcək.

Çünki bu yolun sonu Təbrizə çıxacaq.