İran adlanan ölkədə illərdir davam edən milli və mədəni haqsızlıqlar, xüsusilə Güney Azərbaycanda yaşayan türklərə qarşı sistemli şəkildə tətbiq olunur. Bu rejimin ən böyük qorxusu, öz kimliyini tanıyan, mədəniyyətinə sahib çıxan, ana dilində danışmaq və yaşamaq istəyən bir xalqdır. Bu qorxunun əsas hədəfi isə gənclərdir. çünki gənclik gücdür, iradədir və gələcəyin daşıyıcısıdır.

Bu gün Güney Azərbaycanın yüzlərlə, bəlkə də minlərlə gənci yalnız bir günahdan, türk olduqlarını unutmadıqlarına görə təqib olunur, həbsə atılır, işgəncələrə məruz qalır. Onlar milli haqlarını tələb etdikləri üçün "təhlükə" sayılırlar. Ana dilində təhsil istədikləri üçün "separatçı", türk kimliyinə sahib çıxdıqları üçün "xarici təsir agenti" adlandırılırlar. Halbuki onların istədiyi tək şey, öz vətənlərində insan kimi yaşamaqdır.

Bu gənclər öz həyatlarının ən gözəl çağlarını təhsil almaq, işləmək, ailə qurmaq dövrünü zindan divarları arxasında, soyuq dəmir barmaqlıqlar arasında, bəzən ailələrindən belə xəbərsiz keçirirlər. Amma bu divarların içində onlar yalnız səbr etmirlər, onlar dirəniş göstərir, düşünür, yazır, tarix yaradırlar. Onların səssiz çığırtıları, xalqın qüruruna çevrilir.

Biz bu gəncləri yalnız adları xəbərlərdə hallandıqda tanımamalıyıq. Onlar bizlərik bizim güzgüdəki əksimiz, gələcəyimizin simvolu, tariximizin müəllifləridir. Onların mübarizəsi, bizim milli oyanışımızın rəmzidir. Onlar nə silahla, nə zorla danışırlar. Onların dili, haqlarını tələb edən sadə bir cümlədir: "Mən türkəm və türk olaraq yaşamaq istəyirəm."

Tarix çox vaxt qələbələrdən sonra yazılır. Amma bizim tariximiz, məğlub olmadan aparılan bir savaşın hekayəsidir. Və bu savaşın qəhrəmanları məhz bu gün həbsxanalarda olan o gənclərdir. Onlar nə bir partiyanın, nə bir ideologiyanın nümayəndələridir. onlar xalqın ruhunu təmsil edirlər.

Biz onların adlarını yaşatmalı, səslərini duyurmalıyıq, Çünki bu bir insan hüquqları məsələsi deyil yalnız . bu bir varlıq məsələsidir. Bu, bir millətin yox edilməyə qarşı göstərdiyi iradənin simvoludur.

Gün gələcək, zindan qapıları açılacaq, divarların arxasındakı səssiz tarix işıqlı səhifələrə çevriləcək. Və o zaman hər kəs anlayacaq ki, bu gənclər sadəcə etiraz etmirdilər  onlar bir xalqın özünü tanıması üçün həyatlarını fəda edirdilər