Azərbaycanlı məhbus Siyamək Mirzayinin azadlığa buraxılması üçün 10 milyard riallıq mülki vəsiqə tələb olunub

 İranda Azərbaycan türklərinin milli haqları uğrunda apardığı dinc fəaliyyətinə görə iki aydır Tehranın Evin zindanında saxlanılan fəal Siyamək Mirzayinin müvəqqəti olaraq azadlığa buraxılması üçün 10 milyard riallıq mülki vəsiqə girovu tələb edilib.

Bu barədə, fəalın dosyesi ilə məşğul olan hakim Rəcəbi, sentyabrın 13-də onun işi ilə bağlı məhkəməyə müraciət edən həyat yoldaşına məlumat verib. O bildirib ki, Evin zindanının təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması qarşılığında belə bir girov qoyulmasını əsas şərt kimi ortaya qoyublar. Bildirilib ki, mülki vəsiqə girovu sentyabrın 23-də (mehrin 3-də) təhvil verilməlidir.

İranın təhlükəsizlik qüvvələri, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığında, Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutub ETTELAAT idarəsinə aparsalar da, o iyulun 15-də  xanımına zəng vuraraq Tehranın Evin zindanının 209-cu korpusuna köçürüldüyünü və barəsində müvəqqəti həbs qərarı çıxarıldığını bildirib. Yayılan məlumatlarda bildirilir ki, əslən muğandan olan fəal həbs edildikdən sonra 40 gün təkadamlıq kamerada saxlanılaraq müxtəlif psixi və fiziki təzyiq və işgəncələrə məruz qoyulub.

İranda yaşayan etniklərin, o cümlədən də Azərbaycan türklərinin milli hüquqları barədə məqalələr yazıb dərc etdirən Siyamək Mirzayi, milli zəmində apardığı dinc fəaliyyətinə görə, o sıradan da Urmiya gölü ilə bağlı tədbirlərə qatıldığına görə keçmişdə də bir neçə dəfə tutularaq təzyiqlərə məruz qoyulub.

14067657 1016389548414966 1422157904240636986 n