Qərbi Azərbaycan valisi Urmiyənin Sarollah Hüseyniyyəsində keçirilən tədbirdə, ölkə prezidenti Həsən Ruhaninin Urmiyə səfəri zamanı onunla danışıqda bir neçə təkliflə çıxış etdiyini bildirib.

Qurbanəli Səadət ölkənin təhlükəsizliyinə həsr olunan tədbirdə daha çox iqtisadi məsələlərdən danışıb. Prezidentin Urmiyəyə səfəri zamanı ondan Qərbi Azərbaycan vilayətində inkişaf göstəricilərinin yüksəldilməsini tələb edən vali vurğulayıb ki, Qərbi Azərbaycanın inkişafını təmin etmək üçün millət vəkilləri büdcə məsələsinə xüsusi diqqət yetirməlidir.

Qərbi Azərbaycan təhsil və səhiyyə sahələrində ölkənin ən son vilayətləri arasında yer alır. Adambaşına düşən gəlirimiz isə ölkədə müəyyən edilmiş normadan 40 faiz aşağıdır. İnflyasiya səviyyəsinə gəlincə isə yenə də vəziyyət ürəkaçan deyil. Rəsmi rəqəmlərə görə ötən il Qərbi Azərbaycanda inflyasiya səviyyəsi 18.6 faiz olub. Əhalinin məşğulluğu sahəsində də bir o qədər əlavə dəyər yaranmır və əhali ümumiyyətlə yoxsul vəziyyətdə yaşayır”- deyə o bildirib.

Q.Səadət Qərbi Azərbaycan vilayətini bu vəziyyətdən qurtarmaq üçün, böyük yatırımlara ehtiyac olduğunu bildirib.  Vali sözlərinin sonunda “Qərbi Azərbaycan vilayətində əhalinin üçdə ikisi gündəlik ehtiyaclarını təmin etməkdə çətinlik çəkir, bu isə ciddi bir iqtisadi problemdən xəbər verir”- deyə vurğulayıb.

 Azerbaijan