İranın dini lideri Əli Xamneyi, qadınların ictimai yerlərdə velosiped sürməsini haram sayan yeni fətva verib. Bu haqda Xamneyinin rəsmi saytı sentyabrın 18-də məlumat yayıb.

İran liderinin qadınların ictimai yerlərdə velosiped sürməsinin haram sayılması ilə bağlı fətvası, İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdinin məsələ ilə bağlı jurnalistlərə açıqlamasından bir neçə həftə sonraya təsadüf edib.

Xamneyi, “Virtual aləmdə, bəzi şəriət qaydalarına riayət olunmaq şərti ilə sizin qadınların velosiped sürməsini caiz saymağınız barədə yazılar yayılır. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirik. Qadınların küçədə velosiped sürməsi caizdirmi”- sualını belə cavablandırıb: “Qadınların ictimai yerlərdə və naməhrəmin gözü qarşısında velosiped sürməsi haramdır”.

Bir həftə əvvəl isə “Sepah”a bağlı “Fars” agentliyi Mövlaverdinin bu barədə son açıqlamasına toxunaraq Xamneyinin həmin fətvasını bir az dəyişik formada yaymışdı: “Xanımların ictimai yerlərdə və naməhrəmin gözü qarşısında velosiped sürməsi, kişilərin diqqətini cəlb etməklə yanaşı, həm də cəmiyyətin fəsada çəkilməsinə gətirib çıxarır. Bu, qadınların iffətinə də zidd bir əməldir. Bundan çəkinmək lazımdır. Lakin əgər kənar yerdə və kişilərin gözündən uzaq bir məkanda olsa problem yoxdur”.

Şəhindoxt Mövlaverdi, üç həftə əvvəl qadınların velosiped sürməsi məsələsinə toxunaraq özünün şəxsi “Twitter” səhifəsində belə bir yazı paylaşmışdı: “İnqilab rəhbərinin dəftərinin (ofisinin) bildirdiyinə görə, bəzi şəriət qaydalarına riayət olunmaq şərti ilə qadınların velosiped sürməsinə hər hansı bir maneə yoxdur”.

Qeyd edək ki, Xamneyinin, qadınların velosiped sürməsinin haram sayılması barədə verdiyi fətvaya baxmayaraq, İranda xanımların velosiped sürməsinə qadağa qoyan konkret hər hansı bir qanun yoxdur.