Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (İkinci bölüm)
1- Azərbaycan ölkə adımı, yoxsa millət adı!?
Zaman-zaman dartışmalara yol açan və Məmməd bəyin Mehran bəy Baharlının yazısına verdiyi cəvabda onun toxubduğu əsasi qonularından biri olan və eyni zamanda Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının qırmızı çizgilərindən biridə Azərbaycanın adıyla bağlı olmuşdur. Birinci bölüm yaxud girişdə də qeyd olunduğu kimi, Mehran bəy Baharlının bir çox məsələlərlə bağlı düşüncələri və tutduğu mövqe Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının mövqeiylə üst-üstə düşsədə, bəzi məsələlərlə əlaqədə eyni mövqedə olmayıb və bəzəndə qarşı-qarşıya gəlməkdədir.
Mehran bəy İran adlanan ölkənin quzeybatısında 11-12 yerə parçalanan bitişik əraziləri Azərbaycan deyil, Türkeli kimi tanıması və adlanmasını tərcih edir. Ancaq Mehran bəydə bilir ki, bu torpaqlar tarixin heç bir dönəmində Türkeli adlanmamışdır. Məmməd bəy Azadgər və ümumiyyətlə İran sol parti və qurumlarında fəaliyyət göstərən azərbaycanlı Türklərin yalnız doğu və batı Azərbaycan, Ərdəbil və nadir hallarda Zənganıda Azərbaycan tanısalarda, Mehran bəyin Türkeli söylədiyi bu ərazilərin təxminən 90 faizi Güney Azərbaycanın tarixi torpaqları sayılır.
Lakin bilinməsi gərəkən çox önəmli bir məsələ, bizim tarix boyu yadelli işğalçılara eyni halda son yüz ildə fars faşizmi və İran dövlətinin müstələkəçi siyasətinə qarşı apardığımız mücadilənin əsas fəlsəfəsi və ona anlam verən həm də onun ilham qaynağı olan ancaq və ancaq Azərbaycanın adı və həm də onun uğrunda olmuşdur. Hərəkatımızın adıda təbii olaraq Azərbaycan milli azadlıq və qurtuluş hərəkadır. Burada Mehran bəyə olan əsasi və böyük tənqidlərdən biri bizim çox həssas, önəmli və Türk millətinin əbədiyən vaz keçmədiyi və dünyanın belə bütülüyü ilə dəyişmədiyi Azərbaycan adıdır.
Məmməd bəy Azadgərə gəldiyimizdə onun yazdığı məqalədə Azərbaycanı həm ölkə adı kimi, həm də onun dilini Türk dili yox, bəlkə eyni Quzey Azərbaycanda olduğu kimi, Azərbaycan dili olaraq tanımaqdadır və bizim üçün qırmızı çizgilərdən olan bu önəmli məsələ ilə bağlı onun düşüncəsi, Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bu haqda olan düşüncəsi ilə üst-üstə düşmür.
Burada hər nədən öncə dönə-dönə vurğulanması, həm də açıqlıq gətirmək istədiyimiz çox vacib və əsasi bir məsələ budur ki, bizim əbədi və əzəli vətənimizin tarixi adı Azərbaycandır. Azərbaycan adı təkcə Ortadoğu deyil, bəlkə dünyanın belə ən əski coğrafi və ölkə adı olaraq azı 2400 ilə malik olan tarixi bir addır. Azərbaycan öz neçə minillik şanlı və şərəfli tarixi ilə dünyanın ən əski mədəniyyət mərkəzlərindən biri olmuşdur.
Zaman-zaman onun sərhədləri dəyişib və bəzi tarixi torpaqları işğala məruz qalsada, hazırda İran adlanan ölkənin quzeybatısında geniş bir əraziyə malik olan Güney Azərbaycan, onun işğalı altında bir müstəmləkəyə çevirilmişdir. İranın müstəmləkəçi siyasətinə məruz qalan Azərbaycan, bu dövlətin əritmə və yox etmə siyasəti əsasında Azərbaycanın qutsal adı üzərindən götürülərək, onun tarixi torpaqları qurbanlıq əti kimi bu gün 11-12 iyalət arasında bölünüb və yaxud başqa iyalətlərə hədyə olaraq verilmişdir.
Demək Azərbaycan adı millət yox, bəlkə bu ad yalnızvə yalnız vətənimizin və torpaqlarımızın adıdır və tarixin heç bir dönəmində onun ərazilərində yaşayan millətin adı Azərbaycan və yaxud Azəri olmamışdır.
Lakin Azərbaycanda millətimizin adı və onun gərçək kimliyinə gəldiymizdə tarixi bəlgələr və faktlara dayanıb və mövcud olan bütün tarixi gərçəkləri nəzərə aldıqda, hətta fars şovinistlərinin belə özlərinin iddia etdiyi Səlcuqlar dönəmini Türkləşmənin başlanğıcı kimi tutsaq, Azərbaycanda yaşayan millətin adı ən azı min ildən artıqdır ki, Türk olub və bu uzun sürədə də hər zaman Türk adlanıb və sonsuza qədər də Türk adlanacaq.
Burada bu tarixi məsələ məqalənin əsas qonusu olmamasından dolayı, onu uzatmadan sadəcə Azərbaycanın bir Türk yurdu olmasını sübut edən önəmli bir tarixi bəlgəni, fakt olaraq gətireməklə ona qənaət edirik.
İslamdan öncə Azərbaycanın Türk olduğunu göstərən bu önəmli bəlgələrdən biri "Əxbare Obeyd ibne Şəriyə"olmuşdur. Müaviyə xilafəti dövrünün adlım və dünya görmüş insanlarından biri olan Obeyd, cahiliyyət dönəmində Yəməndə doğulmuşdur.
Müaviyənin dəvəti ilə Dəməşqə gələn Obeyd, onun əmri ilə çeşitli ərəb tayfaları və başqa millətlərin xəbərləri və onların yurdları haqqında "Əxbar" adlı bir əsər yazmışdır.
Deyilənlərə görə Obeyd ilk ərəb olmuşdur ki, hicri ili 67-də bir kitab yazmışdır.
Obeyd ibne Şəriyənin Əxbar adlı kitabı sonralar məşhur olan "İbne Hoşam"ın əlinə keçmişdir. Bu əsər 1928-ci ildə Zeynəlabedin Musəvinin düzəlişi əsasında Hindistanın Heydər Abad şəhərində çap edilmişdir. Burada Müaviyə ilə Obeydin arasında gedən danışıqlarda iki dəfə Azərbaycandan söz gedir. Müaviyə ona deyir, Tanrı sənə çox şeylər versin, Azərbaycanın durumundan danış. Obeyd belə deyir: "Azərbaycan Türk yurdlarındandır və Türklər orada toplanmışlar." (bax. Ketabe Əltiyhan s.402)
Obeyd ikinci dəfə Yəmənin əmiri olan "Randke"nin Azərbaycana etdiyi hücumdan söz açmışdır. Müaviyə ona deyir ki, ya Obeyd sözünü dəvam et. O, dedi:.....Randke savaşı ertələdi. Türklər və Xəzərlər sonra öz ilqarlarında durmayıb....Müaviyə sorur ki, Türk və Azərbaycan hansıdır.? Obeyd deyir ki: Ya Əmiəlmömenin bu iki yurd onların yurdudur."
99-dan 101 hicri illərində Ömər ibne Əbdüləzizin xilafəti haqqında yazan "Məhəmməd Oni" Azərbaycanda 20,000 Türkün qiyamından xəbər vermişdir.
Bu gün Güney Azərbaycan və İran coğrafiyasının başa-başında fars-İran dövlətinin vəhşi və qeyri-insani siyasətinə qarşı gərçəkdən bir kimlik yəni Türklük mücadiləsi gedir və bu səbəbdən də belə bəlgələrin oxuculara təqdim edilməsi olduqca vacib və zrurudir. Lakin bu haqda bir çox dəyərli tarixi bəlgələr olsada, burada sadəcə bu önəmli fakt, fars şovinistlərinin və sapı özümüzdən olan baltaların və manqurtların boş iddialarına tutarlı bir cəvab və danılmaz bir bəlgə olaraq Azərbaycanda Türk varlığının tarixin dərinliklərinə və islamdan daha da çox öncələrədən olduğuna və həm də onun yerli olduğuna böyük bir sübutdur.
Azərbaycan doğu ilə batı arasında bir körpü olduğundan dolayı, hər zaman böyük bir stratejik önəmə malik olub və bu səbəbdən də elə əski çağlardan başlayaraq doğudan batıya, quzeydən güneyə həm də əksinə olan çeşitli tayfaların və insani köçlərin yolu mütləq Azərbaycan torpaqları üzərindən olmuşdur.
Yer üzündə yüzələrlə xalq, millət olsada ancaq altı minə yaxın çeşidli dillərdə danışan etnoslar və etnik qruplar var. Bir çox millət öz adını tarix boyu yaşadaraq öz adını və ölkəsinin adını günümüzə qədər yaşadmağı bacarmışdır. Ancaq qeyd etmək lazımdır ki, bəşəriyyət tarixində zaman-zaman bir çox millətlər ortaya çıxıb böyük mədəniyyətlər və imperialar yaradıb lakin bəlli bir səbəblərdən dolayı tarixin səhnəsindən həmişəlik silinib yox olaraq, bu gün tarixdə sadəcə onlardan quru bir ad qalmışdır. Tarixdə əbədi yaşayıb həyatda qalan millətlər yalnız və yalnız güclü millətlər olmuşlar.
Azərbaycan torpaqlarında eramızdan öncə 111-1-ci minilliklərdə prototürklər (erkən Türklər) olan Qutilər, Lullubilər, Hurriylər, Turukkilər, sular, Sakalar, Masajetlər, Amazonlar və başqa xalqlar, tayfalar və etnoslar yaşamışlar. Asur və Utartu kitabələri və qaynaqlarında ikinci eramızdan öncə iknici minilliyin ortalarında Turukkilərin Urmu gölünün güneyində yaşadığın yazmışlar. Sadaladığımız bu xalqlar və tayfalar iltisaqi dilli və prototürk olduqlarına görə bu günki Azərbaycan Türk millətinin ulu babaları sayılaraq, onun soykökündə dayanan əsas tayfa və etnoslardan olmuşlar. Sasani hökmdarı Ənuşirvan dönəmində yəni 7-ci yuzilin başlarında 50,000 Xəzər Türkünün Azərbaycan torpaqlarında yerləşməsidə önəmli bir tarixi faktdır. Hər halda islamdan öncə və özəlliklə də islamdan sonra Azərbaycanı özlərinə yurd və vətən edən Hunlar, Xəzərlər, Qıbçaqlar, Oğuzlar və Uyğurlar kimi Türk elləri və Oğuz elinin çeşidli boyları olan Səlcuqlar, Qaraqoyunlular, Ağqoyunlular və Ovşar Yaxud Əfşarlar bu ölkəni əbədi olaraq bir Türk yurduna çevirmişlər.
Bir məsələni vuğlamaq lazım və hətta yerində olar oda bundan ibarətdir ki, Azərbaycanın bəzi ucqar bölgələrində Hind-Avropa mənşəli və başqa tayfalar kiçik topluluqlar şəklində zaman-zaman gəlib yerləşib və yaxud Sasanilər dönəmində bəzi İran dilli tayfalar onun bəzi stratejik quzey bölgələrinə köçürülsədə, bu torpaqlar tarixin heç bir dönəmində onların anavətəni olmamışdır.
Gərçək budur ki, zaman-zaman Azərbaycanın çeşidli bölgələri və vilayətlərinə gəlib yerləşən bu Türk boyları və tayfaları köç etdiyi toprqlarda öz dildaşları və özləri kimi eyni Türklərlə qarşılaşıb və bu məsələ də onların bu yerlərdə həmişəlik qalmalarına başlıca səbəb olmuşdur. Əlbəttə zaman-zaman Azərbaycan torpaqlarına Hind-Avropa dilli olan bəzi etnik qruplar və hətta tarixi qaynaqlar əsasında bir neçə Ərəb tayfası da bu ölkəyə köçüb, lakin bəlli bir sürədə bəziləri Türk millətinin içində əriyib tamamən Türkləşmiş, bəziləridə öz dilləri və milli kimliklərini qoruyaraq öz varlıqlarını bu günə kimi saxlamışlar. Bu tayfalar və boylar uzun tarixi bir sürəcdə qaynayıb qarışaraq vahid bir millət olmaq yönündə hərəkət edib və bu günki Azərbaycan Türk milləti bu tarixi sürəcin məhsulu olmuşdur.
07.09.2018