Güney Azərbaycanın tarixi, milli kimlik və qürur mənbəyimizdir. 21 Azər, biz güney azərbaycanlılar üçün sadəcə bir tarix deyil, bir dirçəliş və milli iradənin simvoludur. Bu gün, pişəvəri və digər milli qəhrəmanların rəhbərliyi ilə azadlıq mübarizəsinin zirvələrindən biri olaraq yadda qalıb. Amma bu mübarizənin tarixi yalnızca keçmişdə qalmamalıdır. Çünki tarixin ruhu yalnız keçmişlə deyil, bu günlə və gələcək mübarizə ilə yaşadılır.

Günümüzdə, İran rejiminin türklərə qarşı təzyiqi, fəallara verilən uzunmüddətli həbs cəzaları və millətimizin üzərinə çökən hədələr açıq şəkildə göstərir ki, mübarizəmiz hələ bitməyib.

Keçmişdəki qəhrəmanlarımızın mübarizəsini yaşatmağın ən doğru yolu, onların ideallarını bu günümüzə də daşımaq və davam etdirməkdir. Əgər yalnız tarixlə qürurlanmaqla kifayətlənib, bugünkü mübarizəmizdən üz döndərsək, gələcəyimizi qorumaqda zəiflik göstərəcəyik.

Bu ruh, millətimizin indiki təzyiqlərə qarşı birləşərək hüquqlarını müdafiə etmək və güney Azərbaycanın gələcəyini təmin etmək üçün hərəkət etməsi ilə yaşar. Biz, Güney Azərbaycan türkləri olaraq, milli kimliyimizi qorumaq və milli mədəniyyətimizi yaşatmaq üçün hər birimiz fərqli mövqelərdə bu gün mübarizəmizə davam etməliyik. Bu, yalnız tarix kitablarında bir qəhrəmanlıq əfsanəsi olaraq qalmasın deyə atılmalı addımlardır. Bugünkü mübarizəmiz, tarixi irsimizə sədaqətin ən gözəl ifadəsidir.

Bu gün, hər bir güney azərbaycanlı fəal üçün ən əsas vəzifə birlik yaratmaq və bu birliyi mədəni yollarla qorumaqdır. Ədəbiyyat, incəsənət, sosial fəaliyyətlər və təhsil vasitəsilə mədəniyyətimizi yaşatmaq, onun dərin köklərini yeni nəsillərə ötürmək üçün fəaliyyət göstərməliyik. Dilimizi, adət-ənənələrimizi, folklorumuzu qoruyub inkişaf etdirmək bu mübarizənin ən təsirli üsullarındandır. Bizim hər birimiz öz sahəmizdə bu məqsəd üçün çalışmalıyıq; çünki azadlıq təkcə silahlı mübarizə ilə deyil, eyni zamanda mədəniyyətin və kimliyin yaşadılması ilə də əldə olunur.

Bugünümüz üçün ən önəmli addımlardan biri də maarifləndirmə işini davam etdirməkdir. İran rejiminin apardığı assimilyasiya siyasətlərinə baxmayaraq, biz xalqımızı öz tarixindən, hüquqlarından və milli kimliyindən xəbərdar etmək məcburiyyətindəyik. Bunun üçün hər birimizin fərdi səyləri, ailədən başlayaraq, geniş miqyasda milli şüurun aşılanmasına xidmət etməlidir.

Gələcəyimiz üçün isə bir araya gələrək təşkilatlanmaq, haqlarımızı müdafiə etmək və beynəlxalq arenada səslərimizi duyurmaq əhəmiyyətlidir. Bizim haqq işimiz nəinki Güney Azərbaycan daxilində, həm də bütün dünyada tanınmalıdır. Beynəlxalq təşkilatlar qarşısında da millətimizin üzləşdiyi haqsızlıqları, təzyiqləri və mədəni soyqırım cəhdlərini ifadə etmək üçün bir araya gəlməliyik. Çünki bizim azadlıq istəyimiz sadəcə özümüz üçün deyil, gələcək nəsillərimiz üçün də təmin olunmalıdır. Onlara daha ədalətli, kimliklərini sərbəst yaşadıqları bir Güney Azərbaycan miras qoymaq borcumuzdur.

21 Azər bu gün bizə keçmişin izzətini anladır, lakin o, həm də hər bir güney azərbaycanlının özünü bu mübarizədə bir fərd olaraq hiss etməsi, iradə və güc tapması üçün bir vəsilədir. Bu günümüzdəki hərəkətlərimiz, gələcək nəsillərin də şərəflə yaşaya biləcəyi bir miras buraxmağımıza səbəb olacaqdır. Gələcəyimiz üçün öz millətimizlə birlikdə bu mübarizəni hər gün yaşamalı və irəliyə doğru addımlamalıyıq.