Geçən gün İran prezidentinin Azərbaycanda bir beyt türkçə şeir oxuması, bir sıra Güney Azərbaycan türkləri arasında müəyyən bir coşqu və həyəcan yaratdı. Bu, bəzi dairələrdə "bütöv Azərbaycanın qurtuluşuna ümid işarəti" kimi yozuldu. Lakin unutmayaq ki, bu təkcə bir görüntüdür. rejimin iç üzünü gizlətmək üçün irəli atdığı siyasi bir manipulyasiyadır.
İran rejimi illərdir Güney Azərbaycan türklərinə qarşı sistemli assimilyasiya siyasəti aparır. Urumu gölünün qurudulması, ətraf mühitin məhv edilməsi sadəcə ekoloji fəlakət deyil ; bu həm də bir xalqın yaşadığı coğrafiyadan məhrum edilməsidir. Türk dili və mədəniyyəti məktəblərdən, universitetlərdən, rəsmi instansiyalardan silinmiş, tariximiz təhrif olunmuş, mədəni irsimiz yox sayılmışdır. Millətimizin ən sadə hüquqları belə, "təhlükəsizlik problemi" adı ilə basdırılmış, fəallar zindanlara atılmışdır.
Belə bir rejimin başçısının türkçə bir beyt oxuması, nə niyyətin səmimiliyinə dəlalət edir, nə də uzunmüddətli siyasətin dəyişdiyinə işarədir. Bu, sadəcə xalqın duyğularını istismar etmək, bir neçə gündəlik təbliğat qazancı uğruna səslənmiş boş bir ritorikadır.
Əgər həqiqətən də bu sistem, Güney Azərbaycan türklərinin varlığına hörmət edirsə, o zaman türk dilində təhsilə icazə versin, milli fəalların səsini boğmaqdan imtina etsin, tariximizi təhrif etmək əvəzinə öyrətsin. Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları danışmalıdır.
Unutmayaq: şeir gözəldir, amma siyasi riyakarlığın pərdəsi olduqda, aldanmaq deyil, ayılmaq gərəkir.