"گونئی آذربایجان سیاسی قورولوشلارینین امکداشلیق پلاتفورمو" آچیلیش بیاناتی
حؤرمتلی مئدیا منسوبلاری و دیرلی تدبیر ایشتیراکچیلاری؛
گونئی آذربایجاندا یاشایان تورک میللتینین ایچینده بولوندوغو شرطلر، گونئی آذربایجان سیاسی قورولوشلارینین یاخینلاشماسی و ایشبیرلیگینی حیاتی بیر ضرورت حالینا گتیریبدیر.
آرتیق هامییا بللیدیر کی اورتا دوغو سون درجه کریتیک دورومدا، ایران آدلانان اؤلکهیه حاکم اولان گئریچی و فاشیست دیکتا رئژیمی اولدوقجا کیرتیک گونلر یاشاماقدا و گلهجکده بؤلگهمیزده جدی چالخانتیلار گؤزلنمکدهدیر.
بو گون ایران ایسلام جومهوریتینین دیکتا و ظلمو سونوجوندا گونئی آزربایجانین ایقتیساددیاتی چؤکموش؛ ایشسیزلیک، یوخسوللوق و مجبوری کؤچ هاد سفههیه اولاشیبدیر. آذربایجان تورک میللتینین تاریخی، مدنیتی، منویاتی و میللی میراسی کیمی، گونئی آزربایجانین دوغاسی و جوغرافیاسی دا یوخ اولماق تهلوکهسی ایله قارشی قارشییا قالیبدیر. ایران ایسلام جومهوریتینین حیاتا کئچیردیگی تئررور یانلیسی و آقرئسسیو سیاستلر نتیجهسینده و رئژیمین ایچینه دوشدوگو اقتصادی، ایدئولوژیک و سیاسی چؤکوش سورجی سببی ایله هر آن اؤلکه جدی بیر کاوس ایچینه دوشه بیلر.
آیدیندیر کی بو دورومدا گونئی آذربایجاندا تورک میللتی تخمین ائدیلمهسی چوخ دا چتین اولمایان زورلوقلارلا اوز اوزه قالاجاقدیر و بو چتینلیکلره داها ایندیدن چاره دوشونمک گونئی آذربایجان میللی هرکتی’نین بوینونون بورجودور.
بو سببله بو امکداشلیق پلاتفورمونا قاتیلان گونئی آزربایجانین سیاسی قورولوشلاری، بیر تاریخی مسئولیتین زورونلولوغونو هیسس ائدهرک معین ایلکه و شرطلر اساسیندا ایشبیرلیگی و اورتاق چالیشما قرارینا گلمیش بولونماقدادیرلار.
هر کسه معلوم اولدوغو عذره؛ “گونئی آذربایجان میللی حرکتی” بیر عصردن آرتیق اؤزگورلوکچولوک، قانونچولوق، چاغداشچیلیق و اؤز موقددراتینا حاکم اولماق موباریزهسی وئرن بیر سورجین داوامی و واریسیدیر. “گونئی آذربایجان میللی حرکتی” دوغاسی اعتباری ایله مدنی و دئموکراتیک بیر موجادهلهدیر. بو موناسیبتله، بو حرکتین بیر پارچاسی و آلت بیریمی اولان بو پلاتفورم دا گلوبال اینسان حاقلاری و دئموکراتیا نورملارینا اینانماقدا و اونا گؤره موباریزهسینی یورودهجکدیر.
بو پلاتفورم گونئی آذربایجاندا تاریخن مسکون اولان تورک میللتینین بئینلخالق قانون و سندلرده قبول ائدیلمیش اینسانی و توپلومسال حاق و اؤزگورلوکلرینین تامامینین، او جملهدن، دوشونمه و ایفاده اؤزگورلوگو، قادین و اوشاق حاقلاری، ایشچی و چالیشان حاقلاری؛ ائتنیک، اینانج و جینسل آزلیق حاقلاری و تشککوللنمه حاقینین حیاتا کئچیریلمهسی اوچون بیر اورتاق دوشونمه و چالیشما مئکانیزماسیدیر.
بیز بو پلاتفورما عضو اولان تشکیلاتلار اولاراق اینانیریق کی گونئی آذربایجان تورکلوگونون میللی اؤزگورلوگو و گلجیینین تأمیناتی یالنیز میللی قورتولوشدان کئچیر. یوز ایلدن آرتیقدیر کی تورک میللتی گونئی آذربایجاندا فرقلی یوللارلا اؤز موقددراتینا حاکم اولماق ایستمیش و اؤز موستقیل ایرادسیله اؤزونو یؤنتمک ایستمیشدیر. بونون اوچون ده نئچه بؤیوک تشببوسده بولونمش، یالنیز هر دفعهسینده فاشیست و گئریچی گوجلر میللتیمیزی قانلا بوغموشدور. بوتون او آجی اما اؤیردیجی تجروبهلرین کؤلگهسینده، بو گون ده آذربایجان تورک میللتی اؤز موستقیل ایرادهسینه دایاناراق اؤز گلجیینه حاکم اولماق ایستییرلر.
بو پلاتفورما قاتیلان قورولوشلار چاغداش و کورسل قانون و سندلره دایاناراق گونئی آذربایجاندا تورک میللتینین اؤز موقددراتینا حاکم اولماسینی ایستمکده و بو یولدا زامانین شرطلرینه گؤره چئشیدلی آلتئرناتیولرین اوستونده دورولا بیلجیینه اینانماقدادیرلار.
حؤرمتلی مئدیا منسوبلاری و دیرلی تدبیر ایشتیراکچیلاری؛
بو گون بو تدبیر واسطهسیله “آذربایجان سیاسی قورولوشلارینین امکداشلیق پلاتفورمو”نون ایشه باشلادیغی آذربایجان و دونیا ایجتیمایاتینا اعلان ائدیریک.
البته کی بو پلاتفورم اوچ قورولوشلا ایشه باشلاسا دا بو تدبیری بیر باشلانغیج اولاراق قبول ائدیر و بوتون گونئی آذربایجان قورولوشلارینی امکداشلیغا چاغیریر. بو پلاتفورم باشقا گونئی آذربایجان قورولوشلارینین دا بو اورتاق چالیشمایا قاتیلمالاری اوچون الیندن گلنی اسیرگمهیهجکدیر.
سون اولاراق بیزی دینلمک اوچون واخت آیریب بورایا گلمک اینجهلیگینی گؤسترن بوتون تدبیر ایشتیراکچیلارینا تشککور ائدیب خوش اووقات دیلییریک.
چوخ ساغ اولون
پلاتفورم عضولری:
آذربایجان اؤیرنجی حرکتی – آذوح
آذربایجان میللی دیرنیش تشکیلاتی – دیرنیش
گونئی آذربایجان دئموکرات پارتیاسی – گادپ
\Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu\ Açılış Bəyanatı
Hörmətli media mənsubları və dəyərli tədbir iştirakçıları;
Güney Azərbaycanda yaşayan Türk Millətinin içində bulunduğu şərtlər, Güney Azərbaycan siyasi quruluşlarının yaxınlaşması və işbirliyini həyati bir zərurət halına gətiribdir.
Artıq hamıya bəllidir ki Orta Doğu son dərəcə kirtik durumda, İran adlanan ölkəyə hakim olan geriçi və faşist dikta rejimi olduqca kirtik günlər yaşamaqda və gələcəkdə bölgəmizdə ciddi çalxantılar gözlənməkdədir.
Bu gün İran İslam Cümhuriyyətinin dikta və zülmü sonucunda Güney Azərbaycanın iqtisaddiyatı çökmüş; işsizlik, yoxsulluq və məcburi köç had səfhəyə ulaşıbdır. Azərbaycan Türk Millətinin tarixi, mədəniyyəti, mənəviyyatı və milli mirası kimi, Güney Azərbaycanın doğası və coğrafiyası da yox olmaq təhlükəsi ilə qarşı qarşıya qalıbdır. İran İslam cümhuriyyətinin həyata keçirdiyi terror yanlısı və aqressiv siyasətlər nəticəsində və rejimin içinə düşdüyü iqtisadi, ideolojik və siyasi çöküş sürəci səbəbi ilə hər an ölkə ciddi bir kaos içinə düşə bilər.
Aydındır ki bu durumda Güney Azərbaycanda Türk Milləti təxmin edilməsi çox da çətin olmayan zorluqlarla üz üzə qalacaqdır və bu çətinliklərə daha indidən çarə düşünmək Güney Azərbaycan Milli Hərəkəti’nin boynunun borcudur.
Bu səbəblə bu Əməkdaşlıq Platformuna qatılan Güney Azərbaycanın siyasi quruluşları, bir tarixi məsuliyyətin zorunluluğunu hiss edərək müəyyən ilkə və şərtlər əsasında işbirliyi və ortaq çalışma qərarına gəlmiş bulunmaqdadırlar.
Hər kəsə məlum olduğu üzrə; “Güney Azərbaycan Milli Hərəkəti” bir əsirdən artıq özgürlükçülük, qanunçuluq, çağdaşçılıq və öz müqəddəratına hakim olmaq mübarizəsi verən bir sürəcin davamı və varisidir. “Güney Azərbaycan Milli Hərəkəti” doğası etibarı ilə mədəni və demokratik bir mücadələdir. Bu münasibətlə, bu hərəkətin bir parçası və alt birimi olan bu platform da qlobal insan haqları və demokratiya normlarına inanmaqda və ona görə mübarizəsini yürüdəcəkdir.
Bu platform Güney Azərbaycanda tarixən məskun olan Türk millətinin beynəlxalq qanun və sənədlərdə qəbul edilmiş insani və toplumsal haqq və özgürlüklərinin tamamının, o cümlədən, düşünmə və ifadə özgürlüyü, qadın və uşaq haqları, işçi və çalışan haqları; etnik, inanc və cinsəl azlıq haqları və təşəkküllənmə haqqının həyata keçirilməsi üçün bir ortaq düşünmə və çalışma mekanizmasıdır.
Biz bu platforma üzv olan təşkilatlar olaraq inanırıq ki Güney Azərbaycan Türklüyünün milli özgürlüyü və gələcəyinin təminatı yalnız milli qurtuluşdan keçir. Yüz ildən artıqdır ki Türk Milləti Güney Azərbaycanda fərqli yollarla öz müqəddəratına hakim olmaq istəmiş və öz müstəqil iradəsiylə özünü yönətmək istəmişdir. Bunun üçün də neçə böyük təşəbbüsdə bulunmş, yalnız hər dəfəsində faşist və geriçi güclər millətimizi qanla boğmuşdur. Bütün o acı amma öyrədici təcrübələrin kölgəsində, bu gün də Azərbaycan Türk Milləti öz müstəqil iradəsinə dayanaraq öz gələcəyinə hakim olmaq istəyirlər.
Bu platforma qatılan quruluşlar çağdaş və kürəsəl qanun və sənədlərə dayanaraq Güney Azərbaycanda Türk Millətinin öz müqəddəratına hakim olmasını istəməkdə və bu yolda zamanın şərtlərinə görə çeşidli alternativlərin üstündə durula biləcəyinə inanmaqdadırlar.
Hörmətli media mənsubları və dəyərli tədbir iştirakçıları;
Bu gün bu tədbir vasitəsilə “Azərbaycan Siyasi Quruluşlarının əməkdaşlıq Platformu”nun işə başladığı Azərbaycan və dünya ictimaiyyatına elan edirik.
Əlbəttə ki bu platform üç quruluşla işə başlasa da bu tədbiri bir başlanğıc olaraq qəbul edir və bütün Güney Azərbaycan quruluşlarını əməkdaşlığa çağırır. Bu platform başqa Güney Azərbaycan quruluşlarının da bu ortaq çalışmaya qatılmaları üçün əlindən gələni əsirgəməyəcəkdir.
Son olaraq bizi dinləmək üçün vaxt ayrıb buraya gəlmək incəliyini göstərən bütün tədbir iştirakçılarına təşəkkür edib xoş ovqat diləyirik.
Çox sağ olun
Platform üzvləri:
Azərbaycan Öyrənci Hərəkətı – AZOH
Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ
Güney Azərbaycan Demokrat Partiyası – GADP